16 fevral tarixində Heydər Əliyev adına Müasir Təhsil Kompleksində "Gələcək üçün birlikdə" adlı Xeyriyyə Konserti təşkil olunmuşdur. MTK şagirdlərinə humanizm və yardımsevərlik kimi əxlaqi dəyərləri aşılayan bu konsert autizmli uşaq və gənclərimizə maddi və mənəvi dəstək göstərmək məqsədi ilə təşkil edilmişdir. Tədbir Birgə və Sağlam İctimai Birliyi və MTK-nın birgə təşkilatçılığı ilə həyata keçirilmişdir. Konsertdən əldə olunan gəlir isə autizmli yeniyetmə və gənclərin təhsildə olan inkişafına sərf olunacaq.
Xeyriyyə məqsədli ianələr konsertin bilet satışları və autizmli uşaqların əl işlərindən ibarət məhsulların satışı vasitəsilə toplanmışdır.
Xüsusi olaraq qeyd edək ki, Kompleksin bir qrup könüllü şagirdləri autizmli həmyaşıdları ilə artıq iki ildir ki,müxtəlif layihələrdə birgə fəaliyyətlər icra etmiş və həmçinin bu konsertə də birgə hazırlaşaraq müxtəlif, rəngarəng rəqslər ifa etmişdirlər.
Tədbirdə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktoru Aygün Mikayılova və Birgə və Sağlam İctimai Birliyinin sədri Aytən Eynalova da həmçinin mavi ürəkli qəhrəmanlarımız üçün daima maddi və mənəvi dəstək olmağın əhəmiyyətini vurğulamışdır.
Cəmiyyətimizin bu cür fərqli və xüsusi istedada malik nümayəndələrini dəstəkləmək məqsədilə tədbirdə bir sıra tanınmış sənət ustaları və eləcə də xeyirxah əməlləri ilə gənclərimizə nümunə olan televiziya aparıcısı, xeyriyyəçi və ictimai xadim Hacı Nuran da yer almışdır.
Respublikamızın xalq artisti və ölkəmizdə Autizmin səfiri Tünzalə Ağayeva da konsert zamanı öz təəssüratlarını məktəb heyəti və qonaqlar ilə bölüşmüşdür. Konsertdə həmçinin Nərmin Kərimbəyli, Azad Şabanov, Tofiq Hacıyev və Presto Strinq qrup müxtəlif ifalar səsləndirmişdirlər.