Məktəbimizə xoş gəlmişsiniz!

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə xoş gəlmişsiniz! Biz hal-hazırda 2 yaşdan 17 yaşa qədər olan uşaqlara məktəbəqədər, ibtidai və orta təhsilin bütün pillələrini təklif edən müstəsna təhsil veririk. Övladınız üçün  məktəb seçimi olduqca əhəmiyyətli bir qərardır. Heydər Əliyev adına Müasir Təhsil Kompleksini düşündüyünüz üçün çox məmnunuq.  Veb saytımızda verilən məlumatla tanış olarkən seçiminizdə yanılmadığınıza əmin olacaqsınız. 

Bizim başlıca məqsədimiz hər bir uşağın daxili potensialını üzə çıxarmaq, sürətlə inkişaf edən XXI əsrdə uğur qazanmasını təmin etmək, onun təkcə Azərbaycan mühitində deyil, dünyanın istənilən yerində xoşbəxt və inamlı bir həyat yaşamasına dəstək olmaqdır. Kompleksimiz şagirdlərimizə akademik biliklər verməklə yanaşı, onlarda bacarıq, istedad və qabiliyyətləri inkişaf etdirməyə zəmanət verir.

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin təklif etdiyi tədris planı

Məktəbimizin əsas üstünlüyü doğma vətənimizin zəngin tarixinə, dilinə, mədəniyyətinə olan dərin sevgini və hörməti özündə əks etdirməklə yanaşı, əsl beynəlxalq təhsil verməkdir.

Beləliklə, Heydər Əliyev adına Müasir Təhsil Kompleksində sizin aşağıdakı seçim imkanlarınız var:

Məktəbəqədər təhsil, 2-5 yaşlı uşaqlar üçün (iki bölmə üzrə)

  • İngilis/Azərbaycan dillərində məktəbəqədər təhsil
  • İngilis/rus dillərində məktəbəqədər təhsil

5-17 yaş arası uşaqlar üçün ibtidai və orta təhsil (üç bölmə üzrə):

  • İngilis dilində tədris olunan beynəlxalq təhsil (azərbaycanlı şagirdlər üçün  Azərbaycan dili də tədris edilməklə)
  • Həftədə ən azı səkkiz dərs ingilis dilində olmaqla dövlət tədris proqramına əsaslanan Azərbaycan dilində təhsil
  • Həftədə ən azı səkkiz dərs ingilis dilində olmaqla dövlət tədris proqramına əsaslanan rus dilində təhsil

Beynəlxalq bölməmizin 16-18 yaşlı şagirdləri  (2019-2020 ci illərdən) dünyanın bir sıra aparıcı universitetlərinə daxil olmaq üçün A-səviyyəsində imtahan vermək imkanı əldə edəcəklər. Bu imtahanlar Azərbaycanın tədris proqramına əsasən 9 və 11-ci siniflərdə keçirilən  buraxılış imtahanları ilə yanaşı keçiriləcək.

Tədris proqramlarımız haqqında ətraflı məlumat almaq üçün Kurikulum səhifəsinə baxa bilərsiniz.

Pedaqoji heyətimiz, təhsil fəlsəfəmiz və kampusumuz

Peşəkar müəllim heyətimiz təlim prosesində və şagirdlərimizin nəticələrində yüksək nailiyyət əldə etmək məqsədilə xüsusi qayğı və diqqətlə seçilmişdir. Pedaqoji kollektivimiz müasir və sınanmış təlim əsaslarını və yanaşmalarını daim tətbiq edən, tədris proqramına böyük məsuliyyət hissi və peşəkarlıqla yanaşan istedadlı yerli və xarici müəllimlərdən ibarətdir. Bütün müəllimlərimiz ən müasir peşə hazırlıqları keçmişlər. Hərtərəfli düşünülmüş idarəetmə sistemimiz şagirdlərə olan qayğının və təhsilin keyfiyyətinin yüksək səviyyədə təşkil edilməsinə tam zəmanət verir.

Şagirdlərimizi gələcək həyata hərtərəfli hazırlamaq üçün sinif otaqlarımız ən müasir texnologiyalarla təchiz olunmuşdur. Hər bir sinif otağında interaktiv ağ lövhələr olan İKT infrastrukturu daxil olmaqla yanaşı, zəngin tədris resursları da şagirdlərin və müəllimlərin ixtiyarına verilmişdir.

Sizin övladınız mükəmməl akademik biliklərə yiyələnməklə bərabər, məktəbimizin əzmkarlıq, məqsədyönlülük, hörmət, ruh yüksəkliyi, cəsarət, dürüstlük, savadlılıq, mükəmməllik prinsiplərini rəhbər tutaraq dünyanın məsuliyyətli bir vətəndaşı kimi yetişəcək. Məktəbimizdə təhsil alan hər bir şagird burada oxuduğu üçün özünü xoşbəxt hiss edir, öz hüquqlarını bilən fərd kimi formalaşır. Şagirdlərimizi sürətlə inkişaf edən dünyada universitet həyatına, daim öyrənməyə və uğurlu karyera qurmağa tam hazır olan şəxsiyyət kimi yetişdiririk. 

Sizi, Bakı şəhəri, Səməd Vurğun prospekti 1006 (bax: Məktəbimizin məkanı və daxili imkanları) ünvanında yerləşən, ən müasir tələblərə cavab verən məktəbimizə gəlməyə və cəlbedici, öyrədici mühitimizi öz gözlərinizlə görməyə dəvət edirik. Məktəbimizdə olan isti, ailəvi mühitlə qürur duyur, şagirdlərimizin və ümumilikdə məktəb ictimaiyyətinin nailiyyətlərini sizinlə bölüşməyə hazırıq. Məktəbimiz haqqında daha ətraflı məlumat əldə etmək və ya əyani olaraq tanış olmaq üçün Qəbul Komissiyası ilə əlaqə saxlamanız xahiş olunur. Səbirsizliklə yolunuzu gözləyirik!

Hörmətlə,

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin idarəetmə heyəti