Hal-hazırda beynəlxalq bölmənin orta təhsil pilləsində 11-15 yaşlı uşaqlara (7-10-cu siniflər) yüksək keyfiyyətli beynəlxalq təhsil verilir. Tədris bütünlüklə ingilis dilində aparılır. Azərbaycanlı şagirdlər üçün ana dili və Azərbaycan tarixi üzrə biliklər intensiv səviyyədə, əcnəbi şagirdlər üçün isə alternativ şəkildə verilir.

Dərslər ingilisdilli ölkələrin aparıcı məktəblərində tədris olunan müxtəlif fənlər üzrə (baxın: Tədris proqramına daxil olan fənlər və bizim təlim mühitimiz) aparılır.

Beynəlxalq bölmənin orta təhsil pilləsində təhsil alan şagirdlər gələcəkdə onlara həm beynəlxalq, həm də Azərbaycan universitetlərində təhsillərini davam etdirməyə imkan verən mükəmməl bilik əldə edirlər.

Sinifdə tətbiq edilən əsas və digər dillər

Dərslərdə tətbiq edilən əsas təlim dili ingilis dilidir. Beynəlxalq bölmənin orta təhsil pilləsinin şagirdləri nikbin şəkildə bu dildə danışmağa təşviq olunurlar, bununla da dərslərdə ingilis dili mühiti yaradılır.

Şagirdlərimiz ingilis dilində ikinci dil kimi danışan yerli və xarici uşaqlardan ibarətdir. Onların bir-biri ilə müzakirələr apararkən və əməkdaşlı şəkildə öyrənərkən ingilis dilindən istifadə etmələrinə xüsusi diqqət yetirilir.

İngilis dilinin istifadəsi hər zaman həssas və rahat şəkildə aparılır. Məsələn: “Dostunun anlaması üçün sən bunu ona ingilis dilində izah edə bilərsən?” kimi cümlələrdən istifadə edən müəllim gözəl təlim mühiti yaradır. Müəllimlərimiz şagirdlərə dərs prosesində başqa dildə danışdıqları zaman ingilis dilinin istifadəsinə dair tələbləri aydın şəkildə izah edir.

Azərbaycan, rus, ingilis dillərini bilən müəllim assistentləri şagirdləri bu dildə danışmağa ruhlandırır. Məsələn: dərsə aid açar sözləri tərcümə etməklə və ya şagirdlərin istifadə edə biləcəyi ikidilli resurs tərtib etməklə müəllim onlara dəstək olur.

İngilis dilini ikinci dil kimi öyrənən şagirdlər üçün tanışlıq proqramı

Beynəlxalq bölmənin orta təhsil pilləsinə qəbul olunan məktəb şagirdləri müəyyən bilik səviyyəsinə malik olmalıdırlar. İngilis dilində danışa bilən, lakin tədris proqramının tələblərinə cavab verməyən şagirdər əlavə dəstəklə təmin olunurlar. Məktəbə qəbul zamanı vacib amil beynəlxalq bölmənin orta təhsil pilləsində təhsil alan şagirdlərin 16 yaşında verəcəkləri IGCSE imtahanında əldə edə biləcəkləri uğurun yaratdığı imkanları əvvəlcədən müəyyən etməkdir. Şagirdlərimizin maraqlarının bizim qəbul etdiyimiz qərara təsiri olduğundan onlara ingilis dilinin intensiv şəkildə tədris olunduğu (həftədə ən azı səkkiz dəfə) Azərbaycan və ya rus bölmələrinə qəbul olunmalarını da məsləhət görə bilərik.

Şagirdlərin beynəlxalq bölmənin orta təhsil pilləsinə uğurlu inteqrasiyası əsasən ailə-məktəb əməkdaşlığının effektivliyindən asılıdır.

Əgər siz övladınızın beynəlxalq bölmənin orta təhsil pilləsində təhsil almasını arzulayırsınızsa, aşağıdakı şərtlərə əməl etməlisiniz:

  • Övladınız ciddi şəkildə xəstə deyilsə, mütləq (dərs günlərinin minimum 95%) məktəbə gəlməlidir.
  • Övladınızın irəliləyişi ilə yaxından tanış olmaq üçün müəllimləri (3-5 gün əvvəlcədən) xəbərdarlıq etmək şərtilə onlarla görüşə bilərsiniz.
  • Əgər məktəbə qəbul zamanı ehtiyac olarsa, övladınızın ingilis dili səviyyəsini artırmaq üçün əlavə müəllim tutmalısınız.

Dərs günü kifayət qədər uzun olduğu üçün, xüsusilə də şagirdlər 15:30-dan 17:00-a qədər sinifdənxaric məşğələlərdə olduğundan, biz onların əlavə ingilis dili dərslərinə məktəbdə saat 17:00-a qədər getmələrini məsləhət görürük (əgər günün bu vaxtı şagird məktəbdə olursa). Buna baxmayaraq, nisbətən böyük yaşlı uşaqlar olan 9-cu sinif şagirdləri (13-14 yaş) və daha yaşlı uşaqlara əlavə dərslərin axşamlar, həftəsonları və ya tətil zamanı təşkil olunmasının vacibliyini etiraf edirik. Yay tətili uzun müddətli olduğu üçün şagirdlərin ingilis dilini unutmamaq məqsədilə həmin dövrdə əlavə dərslərlə məşğul olmaları məqsədəuyğundur. Bu yolla əldə olunmuş bilikləri daha da möhkəmləndirmək mümkündür.

Övladının Beynəlxalq bölmənin orta təhsil pilləsində təlim olunmasını planlaşdıran ailələr Azərbaycan və rus bölmələrində də həftədə 8 dəfə ingilis dili dərslərinin (ingilis dili əlavə dil kimi və qlobal inkişaf fənləri) keçirildiyini nəzərə almalıdırlar. Uşaqların ali məktəb tələblərindən asılı olaraq bu bölmələr də onlar üçün əla seçim ola bilər.

Siniflərdə şagird və müəllimlərin sayı

Beynəlxalq bölmənin orta təhsil pilləsində sinifdə maksimum 18 şagird olur və hər dərs bir müəllim və assistent müəllim tərəfindən idarə olunur.

Əksər hallarda şagirdlərin ingilis dilini bilmə səviyyəsindən və onların ümumi bacarıqlarından asılı olaraq onlar daha yüksək dəstəklə təmin olunurlar.

Beynəlxalq bölmənin orta təhsil pilləsinə aşağıdakı siniflər daxildir:

  • 7-ci sinif (11-12 yaş)- şagird sayı maksimum 18 nəfər, bütün dərslərdə iştirak edən 1 müəllim, 1 assistent müəllim
  • 8-ci sinif (12-13 yaş)- şagird sayı maksimum 18 nəfər, bütün dərslərdə iştirak edən 1 müəllim, 1 assistent müəllim
  • 9-cu sinif (13-14 yaş)- şagird sayı maksimum 18 nəfər, bütün dərslərdə iştirak edən 1 müəllim, 1 assistent müəllim
  • 10-cu sinif (14-15 yaş)- şagird sayı maksimum 18 nəfər, bütün dərslərdə iştirak edən 1 müəllim, 1 assistent müəllim
  • 11-ci sinif (15-16 yaş)- şagird sayı maksimum 18 nəfər, bütün dərslərdə iştirak edən 1 müəllim, 1 assistent müəllim
  • 12-ci sinif (16-17 yaş)- şagird sayı maksimum 18 nəfər, bütün dərslərdə iştirak edən 1 müəllim, 1 assistent müəllim
  • 13-cü sinif (17-18 yaş)- şagird sayı maksimum 18 nəfər, bütün dərslərdə iştirak edən 1 müəllim, 1 assistent müəllim

Beynəlxalq bölmənin orta təhsil pilləsində şagirdlər 7-10-cu siniflərdə 2018-2019- cu tədris ilində təhsil ala bilərlər, 11-ci sinif isə 2019-2020-ci illərdə açılacaq.

11-ci sinif şagirdləri İGCSE imtahanlarına uyğun hazırlaşır və beynəlxalq bölmədə orta təhsillərini başa vururlar. 2020-2021-ci tədris ilindən etibarən şagirdlərin əksəriyyəti 12 və 13-cü siniflərə keçəcək və universitetə qəbula hazırlığın bir hissəsi kimi AS və A-səviyyədə imtahanlara hazırlaşacaqlar.

Tədris proqramına daxil olan fənlər və bizim təlim mühitimiz

Beynəlxalq bölmənin orta təhsil pilləsində aşağıdakı fənlər tədris olunur:

  • İngilis dili
  • Riyaziyyat
  • Biologiya, kimya, fizika
  • İKT, kompüter və media bilikləri
  • Qlobal inkişaf (dünya tarixi, Azərbaycan və dünya ölkələri coğrafiyası və ictimai biliklər fənləri)
  • Tarix (qlobal inkişaf fənnindən əlavə, 9-cu sinifdən etibarən seçimlə tədris olunur)
  • Coğrafiya (qlobal inkişaf fənnindən əlavə, 9-cu sinifdən etibarən seçimlə tədris olunur)
  • Biznes və iqtisadiyyat
  • Azərbaycan dili
  • Azərbaycan tarixi
  • Elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM)
  • İctimai və Tibbi Maariflənmə
  • Təsviri incəsənət
  • Musiqi
  • Fiziki tərbiyə
  • Müasir xarici dillər

Beynəlxalq bölmənin orta təhsil pilləsində əksər fənlərin tədrisini və qiymətləndirilməsini nəzərdə tutan Kembric orta məktəbinin tədris proqramı tətbiq olunur. Digər fənlərin tədrisi zamanı isə Azərbaycan və başqa beynəlxalq tədris proqramlarından istifadə olunur.

Biz özümüzəməxsus tədris proqramımızı yaratmaq üçün müxtəlif beynəlxalq və Azərbaycan təhsil proqramlarını birləşdirmişik. Bütün fənlər üzrə sınaqdan keçirilmiş, uğurlu və müasir təlim metodlarının istifadəsi məktəbimizdəki tədrisin keyfiyyətinin və şagird nailiyyətinin yüksək olmasına tam zəmanət verir.

Beynəlxalq bölmənin orta təhsil pilləsində tədris birgə öyrənmə, taktil, kinestetik təlim, eləcə də müasir texnologiyalardan tədris prosesində istifadə imkanını, ənənəvi və müasir tədris metodlarını özündə ehtiva edir. Bu yanaşma isə XXI əsrin tələblərinə cavab verən ünsiyyətqurma, əməkdaşlıq, yaradıcılıq bacarıqlarını inkişaf etdirməklə yanaşı, eyni zamanda yüksək savadlılıq (oxu və yazı), riyazi və sosial bacarıqların əldə olunmasını təmin edir. Bu bacarıqlar sürətlə irəliləyən, qloballaşan dünyada şəxsi və peşəkar həyatda müvəffəqiyyət əldə etmək üçün vacibdir. Şagirdlərə kompüter və digər texniki vasitələrdən istifadə etmə, hər hansı bir məsələdə qərarvermə imkanı verilməsi tədris proqramımızın və sinifdənxaric fəaliyyət planımızın əsas prinsipidir.

Şagird müvəffəqiyyətinin qiymətləndirilməsi və imtahanlar

Beynəlxalq bölmənin orta təhsil pilləsində təhsil alan şagirdlər həm summativ testlər əsasında, həm də gündəlik dərs prosesində müəllim tərəfindən qiymətləndirilirlər. Hər üç ayın sonunda isə (dekabr, mart və may aylarında) şagirdlər proqres testləri yerinə yetirirlər.

2019-2020-ci tədris ilindən etibarən 11-ci sinif şagirdləri bir sıra fənlərə uyğun International General Certificate of Secondary Education (İGCSE) imtahanları verəcəklər.

2021-2022-ci tədris ilində isə bizim ilk 13-cü sinfimiz dünyanın aparıcı universitetlərinə qəbul olmaq üçün A-səviyyədə imtahan verəcəklər.

İllik və semestr yoxlama imtahanları ilə yanaşı, şagirdlərin inkişafını müəyyən etmək və müəllimlərin təlim nəticələrinin səmərəliliyini təmin etmək məqsədilə şagirdlərimiz hər bölmənin sonunda (həftəlik və ya aylıq) mütəmadi olaraq qiymətləndirilir.

İmtahanlar və digər qiymətləndirmə formaları şagirdlərimizin təhsilində olan boşluqları müəyyən etmək və aradan qaldırmaq, onların “zehni inkişafına” təkan vermək məqsədilə uşaqların yaş səviyyəsinə uyğun, nikbin şəkildə aparılır.

Yemək vaxtları

Dərs gününün əvvəlində şagirdlərə səhər yeməyi, günorta vaxtı nahar, günortadan sonra isə qəlyanaltı verilir.