Noyabrın 2-də Heydər Əliyev adına Müasir Təhsil Kompleksində QDF və MTK-nın birgə təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Zəfər dastanı” adlı tədbir baş tutub
Müasir Təhsil Kompleksində baş tutan tədbirdə QDF-in İdarə Heyətinin sədri Rəhman Hacıyev, mədəniyyət nazirinin müavini Murad Hüseynov, millət vəkili Nigar Arpadarai, Məktəbəqədər və Ümumi Təhsil Agentliyinin direktor müavini Mehriban Vəliyeva, Nəsimi Rayon İcra Hakimiyyətinin və "IDEA" İctimai Birliyinin nümayəndələri, eləcə də təhsil komleksinin müəllim və şagird heyəti, şagirdlərin valideyinləri və digər qonaqlar iştirak ediblər.
Tədbirdən əvvəl qonaqlar şagirdlərin müəllifi olduğu rəsmlərdən barət sərgi ilə və Qarabağı 2030-cu ildə necə görmək arzularını əks etdirən layihələrlə tanış oldular.
Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi, şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlandı. Daha sonra Kompleksin şagird və müəllim heyətinin iştirakı ilə “Xarı Bülbül” rəqsi ifa olundu. Qeyd edək ki, rəqsin xoreoqrafı Kompleksin rəqs müəllimi Turan Abdullayevadır.
Tədbirdə çıxış edən QDF-nin İdarə Heyətinin Sədri Rəhman Hacıyev Ümummilli lider Heydər Əliyevin Qarabağ uğrunda əvəzolunmaz fəaliyyətindən söz açmış, Ulu Öndərimizin siyasi fəaliyyəti barədə şagirdlərə ətraflı məlumat vermiş,sualları cavablandırmışdır.
Daha sonra qonaqlar ssenari müəllifi və quruluşçu rejissoru Pərviz Seyidli olan Kompleksin şagird və müəllim heyətinin ifasında “Zəfər dastanı” tamaşasını izləmişlər. Qeyd edək ki, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin dram rəhbəri vəzifəsində çalışan, Azərbaycan Yazıçılar Birliyinin üzvü, gənc yazıçı, ssenarist Pərviz Seyidli həm də Prezident təqaüdçüsüdür.
Tamaşada Azərbaycanın XI əsrdən keçdiyi tarixi yol səhnələşdirilmişdir. Səlcuqilər imperiyasının döyüşçüsü böyük sultan Alp Arslan, Teymurilər imperiyasının banisi, dünyanın ən böyük fatehlərindən olan Teymur, Osmanlı İmperiyasının qarşısıalınmaz Yeniçəriləri, Səfəvi İmperiyasının məğlubedilməz lideri Şah İsmayıl Xətai, Azərbaycan Xalq Cümhuriyyətinin ordusu, 1999-cu ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin döyüşçüsü səhnədə yer almışdır.
Daha sonra hərbi jurnalist, komandir və tərcüməçinin iştirakı ilə 44 günlük Vətən müharibəsi haqqında hərbi-elmi araşdırmaları əks etdirən dialoqda həmin dövrdə dövlətimizin həm hərbi, həm siyasi müstəvidə apardığı mübarizədən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsi, deduktiv düşüncə tərzi ilə bütün arenalarda çıxışlarından bəhs edilmişdir.
Tamaşanın yekununda 2020-ci ildən Kompleksin ənənəsinə çevrilən, Zəfərin simvolu olan “Dəmir Yumruq” atributunu on birinci sinfin şagirdləri onunculara təqdim etmişlər.
Tədbirin sonunda Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nigar Arpadarai çıxış edərək tədbir haqqında təəssüratlarını bölüşmüşdür. Daha sonra Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktoru Aygün Mikayılova çıxış edərək tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə, həmçinin tədbir iştirakçılarına öz təşəkkürünü bildirmişdir.
Heydər Əliyev adına Müasir Təhsil Kompleksininin şagird və müəllim heyəti öz çıxışları ilə dünya hərb tarixinə örnək olan bu şanlı Zəfər dastanını uğurla səhnələşdirərək bir daha tamaşaçıların öz tarixi keçmişi, milli birliyi, güclü dövləti, sarsılmaz ordusu, sağlam ruhlu gəncləriylə fəxr etməsinə zəmin yaratmışlar!
Tamaşanı bu keçiddən izləyə bilərsiniz:
https://youtu.be/mbvWuGi9G4o?si=CiVqiliR_aTb9MH7