Adını daşımaqdan böyük qürur duyduğumuz Heydər Əliyev adına Müasir Təhsil Kompleksində, Ümummilli Liderimizin anadan olmasının 102-ci ildönümü münasibətilə 5 may tarixindən etibarən silsilə tədbirlər həyata keçirilir. Bu tədbirlər, müasir gəncliyin Heydər Əliyev irsinə dərin hörmət və minnətdarlığını ifadə etməklə yanaşı, onun milli-mənəvi dəyərlərə, təhsilə və mədəniyyətə verdiyi əvəzsiz töhfələrin yeni nəslə aşılanmasına xidmət edir.
5 may tarixində təşkil olunan tədbirdə Kompleksimizin ibtidai sinif şagirdləri çıxış edərək, Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu və dövlətçilik fəaliyyətinə dair təqdimatlarla çıxış etdilər. Ardınca, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın “Elegiya” adlı şeiri şagirdlərin ifasında səsləndirildi.
Maarifləndirici və duyğusal anlarla yadda qalan bu tədbir həm Ulu Öndərin əziz xatirəsinə ehtiramın göstəricisi, həm də gənc nəslin milli kimlik və dəyərlərə bağlılığının təzahürü oldu.