Musiqi məktəbi

Musiqi hər bir xalqın milli mədəniyyətinin özəyi, bəşər övladının mənəvi aləmini zənginləşdirən ən böyük xəzinədir.Təsadüfi deyil ki, məktəblilərdə hələ kiçik yaşlarından musiqi təhsilinin aşılanması onların kamil bir şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır. Məhz bu baxımdan 2002- ci ildə Heydər Əliyev adına Müasir Təhsil Kompleksi öz nəzdində Uşaq Musiqi Məktəbinin yaranmasına nail olmuşdur.

Musiqi məktəbimizin başlıca məqsədi Kompleksimizdə təhsil alan şagirdləri hərtərəfli yetişdirmək, onlara incə musiqi duyumu aşılamaq, milli və dünya musiqi mədəniyyətini dərindən mənimsətməkdir. Qeyd etmək vacibdir ki, 18 illik (2002- 2020) fəaliyyəti dövründə Uşaq Musiqi Məktəbi qarşıya qoyduğu hədəfə uğurla nail olmuşdur. Kompleksimizin nəzdində musiqi təhsili almış şagirdlərimiz arasında dünya miqyasında öz sözünü deyənlər də vardır. Bu baxımdan məzunumuz olan bəstəkar musiqiçi Arzu Abbasovanın nailiyyətlərini fəxrlə qeyd edə bilərik.

Siz, Kompleksin nəzdində fəaliyyət göstərən Uşaq Musiqi Məktəbini seçməklə eyni zamanda asudə vaxtınıza qənaət etmiş olursunuz. Beləliklə, övladınızın məktəbdənkənar musiqi təhsilini məhz Kompleks daxilində onun akademik təhsili ilə paralel şəkildə təmin edə bilərsiniz. 

Təhsil müddəti

 Uşaq Musiqi Məktəbində təhsil digər musiqi məktəblərində olduğu kimi 5-7 illik dövrü əhatə edir. Bəzi şagirdlər öz istəyi əsasında musiqi təhsilini 11 illik proqrama əsasən də bitirə bilərlər.

Şagirdlərimiz öz musiqi fəaliyyətlərini müxtəlif tədbirlərdə, hesabat konsertlərində göstərməklə əldə etdikləri bacarıqları bir daha nümayiş etdirmiş olurlar.

Şagirdlərə tədris olunan çalğı alətləri:

Tar

Kamança

Saz

Gitara

Nağara

Fortepiano

Qanun

Skripka

Ud

Sadalanan musiqi alətlərində ifa bacarığından əlavə, xor və vokal ixtisasları da tədris olunur. Qeyd edək ki, şagirdlərimiz öz arzusuna uyğun olaraq iki alət üzrə ifa vərdişlərinə yiyələnə bilərlər.

Həftəlik dərs yükü:

1) Həftədə 2 dəfə ixtisas dərsi

2) Həftədə 1 dəfə nəzəriyyə dərsi

3) Həftədə 1 dəfə xor dərsi

Şagirdlərin musiqi təhsili üzrə dərs saatları orta məktəbin dərs cədvəlinə uyğun tərtib olunur.

Musiqi təhsilinin sonunda şagirdlərimizə musiqi məktəbini bitirməsi haqqında şəhadətnamə verilir.