Adını daşımaqdan böyük qürur duyduğumuz Heydər Əliyev adına Müasir Təhsil Kompleksində, Ümummilli Liderimizin anadan olmasının 102-ci ildönümü münasibətilə 5 may tarixindən etibarən silsilə tədbirlər həyata keçirilir. Bu tədbirlər, müasir gəncliyin Heydər Əliyev irsinə dərin hörmət və minnətdarlığını ifadə etməklə yanaşı, onun milli-mənəvi dəyərlərə, təhsilə və mədəniyyətə verdiyi əvəzsiz töhfələrin yeni nəslə aşılanmasına xidmət edir.
Bu tədbirlər çərçivəsində 6 may 2025-ci il tarixində Kompleksimizdə “Dəyərli xatirəyə rəngli töhfə” adlı möhtəşəm rəsm sərgisi təşkil olundu. Sərgidə şagirdlərimizin Ulu Öndər Heydər Əliyevə həsr etdikləri sənət əsərləri nümayiş etdirildi.
Tədbirdə incəsənət aləminin tanınmış simaları – Azərbaycan Respublikasının Xalq rəssamı, görkəmli qrafika ustası Arif Hüseynov, gənc rəssam-müəllim Nəzrin Xələfova, gənc heykəltəraş Rahib Qarayev, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, professor Çingiz Fərzəliyev, Kompleksimizin istedadlı məzunu – gənc rəssam Banu Dəvəli, eləcə də valideynlərimiz və bir sıra media nümayəndələri iştirak etdilər.
Qonaqlar sərgidə nümayiş olunan əsərlərlə yaxından tanış olaraq, gənc yaradıcı nəslin yaradıcılığını yüksək qiymətləndirdilər və onlara öz dəyərli tövsiyələrini çatdırdılar.
Bu görüş, gənc istedadlar üçün ruhlandırıcı və unudulmaz bir təcrübə oldu.
Tədbir eyni zamanda ölkənin aparıcı televiziya kanalları tərəfindən də işıqlandırıldı və geniş ictimaiyyətə çatdırıldı.
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi olaraq, gənc nəslin milli kimliyini, tarixini və dəyərlərini dərindən mənimsəməsi üçün belə tədbirlərin davamlı olmasına önəm veririk.